Həkim və tibb bacıları Afrika ölkələrini tərk edirlər

10:16 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nigeriya, Qana və Zimbabvedə tibb işçilərini ölkədə saxlamaq üçün qəbul edilən qanunlara baxmayaraq, həkimlərin və tibb bacılarının başqa ölkələrə immiqrasiyasının yaratdığı problemlər daha da artır.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Nigeriyanın Laqos şəhərində 10 il əvvəl diabet diaqnozu qoyulan təqaüdçü zabit Hadicat Hassan may ayından bəri həkimlə görüş almaqda çətinlik çəkdiyini bildirib.

"Bir çoxları ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyaya gedir" deyən bir xəstəxana rəsmisi, demək olar ki, hər ay həkimlərdən və tibb bacılarından istefa məktubu aldıqlarını söyləyib.

Xəbərdə Nigeriyada 5 min xəstəyə bir həkim düşdüyü bildirilərkən, inkişaf etmiş ölkələrdə bu rəqəmin 254 xəstəyə bir həkim olduğu xatırladılıb.

Nigeriya Tibb Bacıları və Mamalar Assosiasiyasının prezidenti Maykl Nnaçi 2017-ci ildən bu yana 75 min tibb bacısının ölkəni tərk etdiyini bildirib.

Həkimlərin və tibb bacılarının beyin axını təkcə Nigeriya ilə məhdudlaşmır.

Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər səhiyyə sektorunda 10 milyon insan kəsiri gözləyir ki, onların əksəriyyəti aşağı gəlirli ölkələrdədir. Bunun qarşısını almaq üçün 2020-ci ildə “qırmızı siyahı” dərc edən ÜST, Nigeriya, Qana və Zimbabve də daxil olmaqla 34 Afrika ölkəsinin kritik həddə olduğunu bəyan edib və bu ölkələrdən tibb işçilərini işə götürməməyə çağırıb.

Digər tərəfdən, təkcə 2022-ci ildə təxminən 4 min tibb bacısı Qananı, 2021 və 2022-ci illərdə isə 4 min tibb işçisi, o cümlədən 2600 tibb bacısı Zimbabveni tərk edib.

Mütəxəssislər ÜST-ün məsələ ilə bağlı heç bir sanksiya gücünə malik olmadığına və qırmızı siyahıda olan 47 ölkədən 14-nün səhiyyə işçilərini işə götürən Böyük Britaniyanın münasibətinin digər inkişaf etmiş ölkələrin də yanaşmalarını əks etdirdiyinə diqqət çəkirlər.

Böyük Britaniya hökuməti vasitəçi qurumların müraciətlərini nəzərə almasa da, NHS və birbaşa qocalar evlərinə müraciət edən səhiyyə mütəxəssislərinin müraciətlərini qəbul edir.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus ötən aylarda mövzu ilə bağlı açıqlama verərək, qırmızı siyahıya hörmət göstərməli olduğunu və bir çox ölkənin beynəlxalq miqrasiya səbəbiylə tibb işçilərini itirmək ərəfəsində olduğunu söyləyib.